Qanunvericilik

QİYMƏTLƏNDİRMƏ  FƏALİYYƏTİ HAQQINDA  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

(25 iyun 1998-ci il, № 510-IQ)

Bu Qanun Azərbaycan Respublikasında əmlakın qiymətləndirilməsi fəaliyyətinin (bundan sonra qiymətləndirmə fəaliyyəti) ümumi prinsiplərini müəyyən edir, habelə bununla bağlı yaranan təşkilati, iqtisadi və hüquqi münasibətləri tənzimləyir.

Maddə 1. Qiymətləndirmə fəaliyyəti haqqında qanunvericilik Azərbaycan Respublikasında qiymətləndirmə fəaliyyəti haqqında qanunvericilik bu Qanundan, digər qanunvericilik aktlarından, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Maddə 2. Qiymətləndirmə fəaliyyətinin subyektləri Fəaliyyətləri bu Qanunla tənzimlənən hüquqi və fiziki şəxslər (qiymətləndiricilər) və onların xidmətlərinin istehlakçıları (sifarişçilər) qiymətləndirmə fəaliyyətinin subyektləridir.

Maddə 3. Qiymətləndirmə fəaliyyətinin obyektləri Qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak, qiymətləndirmə fəaliyyətinin obyektidir.

Maddə 4. Mülkiyyətçilərin öz əmlakını qiymətləndirmək hüquqları Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin öz əmlakının qiymətləndirmək hüququ vardır. Qiymətləndirmənin nəticələri mühasibat və statistika uçotu və hesabatlarında düzəlişlər etmək üçün istifadə oluna bilər.

Maddə 5. Məcburi qiymətləndirmə halları Aşağıdakı hallarda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır:

— dövlət əmlakının dəyəri özəlləşdirmə və ya etimadlı idarəetməyə verilmə məqsədilə müəyyən edildikdə;

— dövlət və bələdiyyə əmlakı girov məqsədləri üçün istifadə olunduqda;

— dövlət və bələdiyyə əmlakı satıldıqda və ya borc öhdəlikləri ilə bağlı olaraq başqasına verildikdə;

— mülkiyyətçilərin əmlakı Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və şərtlərlə dövlət ehtiyacları üçün alındıqda;

— dövlət mülkiyyətində olan əsas fondlar yenidən qiymətləndirildikdə;

— icbari sığorta növləri üzrə sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalanmış dövlət və bələdiyyə əmlakına dəyən zərər müəyyən edildikdə;

— məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda; (bu halda qiymətləndirmə əmlakın mülkiyyətçisi olan şəxslərin sifarişi ilə qiymətləndirici tərəfindən və ya qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.)

— etimadlı idarəetmədə olan əmlaka sahiblik hüququ dəyişilərkən əmlakın dəyəri haqqında mübahisə yarandıqda;

— boşanan ər-arvadın birinin və ya hər ikisinin tələbi ilə əmlakın bölüşdürülməsi zamanı bu əmlakın dəyəri haqqında mübahisə yarandıqda;

— səhmdar cəmiyyətlərinin birləşdirilməsi və ya ayrılması zamanı onlara məxsus əmlakın dəyəri haqqında mübahisə yarandıqda;

— vərəsəlik məsələləri ilə bağlı mübahisələrin həlli zamanı.

Maddə 6. Qiymətləndirmə üçün əsas Qiymətləndirici tərəfindən obyektin qiymətləndirilməsi üçün əsas sifarişçi ilə bağladığı müqavilədir. Mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir.

Maddə 7. Qiymətləndirmənin nəticələri haqqında hesabat Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər.

Maddə 8. Qiymətləndiricinin hesabatında obyektin qiymətləndirilməsi haqqında məlumatın barəsində mübahisələr Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır.

Maddə 9. Qiymətləndiricinin hüquqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslər qiymətləndirmə fəaliyyəti ilə məşğul ola bilərlər. Qiymətləndiricinin hüquqları aşağıdakılardır:

— qiymətləndirmə fəaliyyəti haqqında mövcud qanunvericilik çərçivəsində qiymətləndirmənin forma və metodlarını müstəqil seçmək;

— qiymətləndirmə keçirildiyi hallarda sifarişçidən zəruri olan sənədləri tələb etmək, əlavə məlumat və izahatlar almaq;

— dövlət və kommersiya sirləri istisna olunmaqla, qiymətləndirməni həyata keçirmək üçün zəruri hesab etdiyi hər cür məlumatı yazılı və ya şifahi formada üçüncü şəxslərdən almaq;

— zəruri hallarda qiymətləndirmədə iştirak etmək üçün müqavilə əsasında mütəxəssisləri cəlb etmək;

— sifarişçi müqavilə şərtlərini pozduqda, qiymətləndirmə obyekti barəsində lazımi məlumat vermədikdə, habelə qiymətləndiriciyə müvafiq iş və təhlükəsizlik şəraiti yaratmadıqda, qiymətləndirməni həyata keçirməkdən imtina etmək.

Maddə 10. Qiymətləndiricinin vəzifələri Qiymətləndiricinin vəzifələri aşağıdakılardır:

— qiymətləndirmə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qiymətləndirmə haqqında qanunvericiliyinə riayət etmək;

— qiymətləndirməni həyata keçirərkən sifarişçi və ya üçüncü şəxslərdən alınmış sənədlərin saxlanılmasını təmin etmək;

— obyektin qiymətləndirilməsinə mane olan səbəblər barədə dərhal sifarişçini xəbərdar etmək;

— sifarişçinin xahişi ilə Azərbaycan Respublikasında qiymətləndirmə haqqında qanunvericilik və onun əsasında qəbul edilmiş normativ hüquqi aktlar, müvafiq peşə birliklərinin nizamnaməsi barədə ona məlumat vermək;

— sifarişçinin tələbi ilə qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün zəruri təhsil alınmasını təsdiqləyən sənədləri təqdim etmək;

— qiymətləndirmə prosesində sifarişçidən alınmış məxfi məlumatı açıqlamamaq;

— məhkəmənin tələbi ilə özünün hesabatından müvafiq informasiya və məlumatları təqdim etmək;

— sifarişçinin məlumat verməkdən imtina etməsi qiymətləndirməyə əsaslı təsir göstərərsə, bunu hesabatında əks etdirmək; – qiymətləndirmənin obyektivliyinə mane olan hallar meydana çıxdıqda, qiymətləndirmədə iştirakının qeyri-mümkünlüyü haqqında sifarişçiyə məlumat vermək

Maddə 11. Qiymətləndiricinin müstəqilliyi Sifarişçinin və digər maraqlı şəxslərin qiymətləndiricinin fəaliyyətinə müdaxilə etməsinə yol verilmir.

Maddə 12. Qiymətləndirmə fəaliyyətinə məhdudiyyətlər Qiymətləndirici qiymətləndirmə obyektində əmlak mənafeyi olan fiziki şəxs və ya hüquqi şəxsin təsisçisi, mülkiyyətçisi, səhmdarı və ya vəzifəli şəxsi olduqda, eləcə də göstərilən şəxslərin yaxud sifarişçinin yaxın qohumu olduqda həmin obyektin qiymətləndirilməsini apara bilməz. Qiymətləndiricinin qiymətləndirmə obyektinə dair müqavilədən kənar öhdəlikləri və qiymətləndirmənin nəticələrinə görə maddi marağı olduqda onun qiymətləndirməni aparmasına icazə verilmir.

Maddə 13. Qiymətləndirmə ilə bağlı xərclər Göstərilən xidmətlərə görə qiymətləndiriciyə ödənilən haqq qiymətləndirmə obyektinin yekun dəyərindən asılı olmamalıdır. Qiymətləndirmə keçirilməsi ilə bağlı xərclər, o cümlədən ekspertin əməyi qanunvericiliyə uyğun olaraq qarşılıqlı razılaşma əsasında ödənilməlidir.

Maddə 14. Azərbaycan Respublikasında qiymətləndirmə fəaliyyətinə nəzarət Azərbaycan Respublikasında qiymətləndirmə fəaliyyətinə nəzarət müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

Maddə 15. Qiymətləndirmə standartları Qiymətləndirmə standartları, normaları və peşəkar qiymətləndiricilərin hazırlanması qaydaları qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanır və təsdiq edilir.

Maddə 16. Qiymətləndiricilərin birlikləri və onların vəzifələri Qiymətləndiricilər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən peşə mənafelərinin qorunması, beynəlxalq təcrübə mübadiləsi və peşəkarlıq səviyyəsinin yüksəldilməsi, digər məqsədlər üçün öz birliklərini yarada bilərlər.

Maddə 17. Qiymətləndirmə fəaliyyətinə xitam verilməsi Qiymətləndirmə fəaliyyətinin həyata keçirilməsinə aşağıdakı hallarda xitam verilir:

— Azərbaycan Respublikasının qanunvericiliyinə görə qiymətləndirmə fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin dövlət qeydiyyatından keçdiyi zaman saxtakarlıq faktı sübuta yetirildikdə;

— Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qiymətləndirmə fəaliyyəti ilə məşğul olan hüquqi şəxs Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada ləğv edildikdə;

— hüquqi və fiziki şəxs tərəfindən həyata keçirilən qiymətləndirmə fəaliyyəti ilə əlaqədar sənədlərdə məhkəmə tərəfindən saxtakarlıq aşkar edildikdə;

— qiymətləndirici qiymətləndirmə fəaliyyətini həyata keçirmək üçün qanunvericiliklə ona verilən səlahiyyətləri aşdıqda;

— məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə.

Maddə 18. Qiymətləndiricinin və sifarişçinin məsuliyyəti Qiymətləndirici və sifarişçi bu Qanunun və qiymətləndirmə haqqında müqavilədə göstərilən şərtlərin pozulmasına görə qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır.

Qiymətləndirmənin məqsədləri

Hər bir insan fəaliyyəti müəyyən məqsədə xidmət edir. Bu baxımdan əmlakın qiymətləndirilməsi fəaliyyəti də istisna olunmur. Ona görə də qiymətləndirmə fəaliyyətinin hansı niyyət və məram üçün yerinə yetirildiyinin müəyyən edilməsi mühüm əhəmiyyətə malikdir. Sifarişçi qiymətləndirmə fəaliyyətinin nəticələrindən müxtəlif məqsədlər üçün istifadə edir. Daha doğrusu, perspektivdə nəzərdə tutuduğu işlər ona məxsus əmlakın qiymətləndirilməsini zəruri edir. 

Hazırda qiymətləndirmə fəaliyyəti çox geniş məqsədlər üçün – əmlakın vergitutma bazasının müəyyənləşdirilməsi, dövlət əmlakının özəlləşdirilməsi, əmlakın girov qoyulması, əmlakın sığorta olunması, investisiya qoyuluşları, hüquqi şəxslərin yaradılması və yenidən təşkili (ləğvi, ayrılması, birləşməsi), habelə məhkəmələrdə əmlak mübahisələri zamanı aparılır. Əmlak bazarının inkişafı qiymətləndirmə məqsədlərinin əhatə dairəsinin genişlənməsinə səbəb olur və yeni qiymətləndirmə növlərini meydana çıxarır.

Əmlakın hansı məqsəd üçün qiymətləndirilməsi tərəflər (qiymətlədirici və sifarişçi) arasında əmlak qiymətləndirilməsi üzrə bağlanacaq müqavilədə müəyyənləşdirilməlidir. Çünki, qiymətləndirmə fəaliyyətinin məqsədi qiymətləndirmənin yanaşma və metodlarının seçilməsi, dəyər növlərinin seçilməsi üçün əsas olur. Digər tərəfdən isə ayrı-ayrı məqsədlər üçün qiymətləndirmə aparılarkən müxtəlif qanunvericilik aktlarına istinad olunur. Özəlləşdirilən əmlakın qiymətləndirilməsinin hüquqi əsasları vergi məqsədləri üçün əmlakın qiymətləndirilməsinin hüquqi əsaslarından fərqlidir. Bu baxımdan, qiymətləndirmənin məqsədindən və növündən asılı olmayaraq əmlakın qiymətləndirilməsinin ümumi qaydaları olmalı və o, bu əmlakın bazar dəyərinin aşkara çıxarılmasına xidmət etməlidir.

Qiymətləndirmə fəaliyyətinin məcburi və könüllü qiymətləndirmə növləri vardır.

Könüllü qiymətləndirmə sifarişçinin öz təşəbbüsü ilə ona məxsus əmlakın müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməsindən ibarətdir. Qiymətləndirilməsi məcburi hesab edilən hallar istisna olmaqla digər hallarda (məsələn, əmlakın satışı, bölüşdürülməsi, kretdit götürmək üçün girov qoyulması, borc öhdəliklərinin yerinə yetirilməsi və s.)  əmlakın qiymətləndirilməsi könüllülük əsasında həyata keçirilir. Əmlakın qiymətləndirilməsi qanunvericilikdə məcburi hesab edilən hallarda isə bu mütləq qaydada həyata keçirilir və dövlətin nəzarətində olur.

Məcburi qiymətləndirmə halları aşağıdakılardır:

  •  Dövlət əmlakının dəyəri özəlləşdirmə və ya etimadlı idarəetməyə verilmə məqsədi ilə müəyyən edildikdə
  • Dövlət və bələdiyyə əmlakı satıldıqda, girov qoyulduqda və ya boc öhdəlikləri ilə əlaqədar olaraq başqasına verildikdə
  • Dövlət mülkiyyətində olan əsas fondlar yenidən qiymətləndirildikdə
  • İcbari sığorta növləri üzrə sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalanmış dövlət və bələdiyyə əmlakına dəyən zərər müəyyən edildikdə
  • Məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət yarandıqda
  • Səhmdar cəmiyyətlərinin birləşdirilməsi və ya ayrılması, idarəetmədə olan əmlaka sahiblik hüququnun dəyişdirilməsi zamanı əmlakın dəyəri haqqında mübahisə yarandıqda
  • Boşanan ər-arvadın birinin və ya hər ikisinin tələbi ilə əmlakın bölüşdürülməsi zamanı bu əmlakın dəyəri haqqında mübahisə yarandıqda
  • Vərəsəlik məsələləri zamanı əmlakın dəyəri haqqında mübahisə yarandıqda
  • Səhmdar cəmiyyətləri və dövlətin iştirakı ilə müştərək müəssisələr yenidən təşkil və ləğv edildikdə
  • Nizamnamə fondunda dövlətin payı olan səhmdar cəmiyyətinin əmlakı satıldıqda və nizamnamə fondunda  dəyişiklik edilməsi zərurəti yarandıqda
  • Vergi ödənişlərinin düzgünlüyünə nəzarət məqsədi ilə vergitutma obyektlərində qiymətləndirmə aparılmasına ehtiyac olduqda
  • Mülkiyyətçilərin əmlakı dövlət və ictimai ehtiyaclar üçün satın alındıqda
  • Əmlak  müsadirə edildikdə
  • Fövqəladə hadisələr zamanı mülkiyyətçinin əmlakına dəymiş ziyanın müəyyənləşdirilməsinə zərurət yarandıqda.

 Azərbaycan Respublikasında qiymətləndirmə fəaliyyətinin qanunvericilik əsasları aşağıdakılardır:

  • Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 779IQ nömrəli qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsi;
  • Azərbaycan Respublikasının 25 iyun 1998-ci il tarixli 510-IQ nömrəli “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunu (axırıncı redaktə qanun 20 aprel 2012-ci il, №336-IVQD);
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2007-ci il tarixli 107 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricilərin hazırlanması Qaydaları”;
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 aprel 2009-cu il tarixli 54 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın satınalma qiymətinin hesablanması Qaydası”;
  • Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin 2006-cı il 09 fevral tarixli qərarı ilə (protokol № 3) təsdiq edilmiş “Azərbaycan Respublikasının Mərkəzi Bank nəzdində Azərbaycan İpoteka Fondunun yenidən maliyyələşdirdiyi ipoteka kreditlərinin müvəkkil kredit təşkilatları tərəfindən verilməsinə dair standart Tələblər”;
  • Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 14 noyabr 2008-ci il tarixli İ-110 nömrəli əmri ilə təsdiq edilmiş “Sığorta bazarının peşəkar iştirakçılarının reyestrinin aparılması Qaydaları”.